Artıq bir ilə yaxındır ki, gündəlik həyatımızın vacib aksessuarına çevrilən tibbi maskadan uzun müddət istifadə etdikdə dəri ilə bağlı problemlər yarana bilir. Tibbi maskalar bizi infeksiyadan qoruyur. Lakin uzun müddət üzdə qalan maska eritema (qızartı), qaşınma, quruluq, ağız, çənə və yanaqlar ətrafında, yəni maskanın geometrik formasında səpgilər yarada bilər. Buna "maskne" deyilir.

Bunu təcili yardım həkimi, Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin rəisi Rəna Qasımova bildirib.

Onun sözlərinə görə, üzün dərisi həm maskaların hazırlandığı materiallara, həm də mexaniki qıcıqlanmalara, sürtünmələrə müxtəlif reaksiyalar verir:

"Açığını desək, maska üzün dərisində görünən izlər buraxmaqla yanaşı, həmçinin, süni parnik effekti yaradır. Karbon dioksid, nəmlik, nəfəslə verilən havanın istiliyi, ağızda və respirator sistemdə olan mikroorqanizmlər və patogen mikroflora üçün əlverişli mühit olmaqla, aknenin (sızanaqların) kəskinləşməsinə səbəb olur. Bəs bu problemi aradan qaldırmaq üçün hansı üsullar mövcuddur? Bu barədə məsləhətim budur ki, əgər siz maskadan gün ərzində istifadə edirsinizsə, onu tez-tez, ən azı 2 saatdan bir dəyişin.

İş yerindən çıxdıqda maskanı çıxarın və üzünüzü quru salfetlə silin. Hazırda qış mövsümü olduğu üçün havanın temperaturu tez-tez dəyişir və bu, dəri üçün əlverişli deyil. Dekorativ kosmetikadan kifayət qədər az istifadə etməyə çalışın. Bu əsasən qadınlara aiddir. Əgər tonal kremlərdən istifadə edirsinizsə, onu daha yüngül BB kremləri ilə əvəz edə bilərsiniz. Evə gəldikdə maskanı zibil qabına atdıqdan sonra üzünüzü yuyun və dərinizi yumşaq vasitələrlə təmizləyin. Bu vasitələrə tonik və nəmləndirici kremlər aiddir. Qatı yağlı vasitələri hələlik kənara qoyun.

Dərinizdə hər hansı qıcıqlanma əmələ gələrsə, məlhəmlər, akneya qarşı məlhəmlər, bepantendən istifadə edə bilərsiniz. Dəriniz səpkilərə meyllidirsə, bundan özünüzü qorumaq üçün maskanı taxmazdan əvvəl antiseptik vasitə, məsələn, metrogil gelin nazik qatını çəkə bilərsiniz. Dəridə quruluq yaranan zaman isə üzünüzə qulluq vasitələrindən - turş zərdablardan, skrablardan, pilinq proseslərindən bir müddət imtina edin. Bununla pandemiya dövründə üzünüzün bir sıra problemlərini aradan qaldırmış olarsınız".

Milli.Az